Xərçəngə aparan meyvə qoxulu vərdiş… – FOTO

Cəmiyyət




Kubra Məhərrəmova yazır…

Son zamanlar artıq heç kimi elektron siqaretlə təəccübləndirmək olmur. Hətta azyaşlıları belə. Bəzən elə küçədə məktəb formasında olan azyaşlıları əllərində elektron siqaretlə görmək mümkündür. Açığı son vaxtlar daha tez-tez rastlaşdığımız mənzərədir. 

Maraqlı məqamlardan biri də odur ki, artıq məktəbli qızlar arasında da bu “hobbi” geniş yayılıb. Bu mövzuda iki xəbər diqqətimi daha çox çəkir.

Birincisi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaret) idxalı, istehsalı, satışı və reklam olunmasının qadağan edilməsini nəzərdə tutan qərar qəbul etməsi.

Yeni qərara əsasən, bu siqaretlərin idxalına və satışına görə birbaşa cinayət məsuliyyəti nəzərdə tutulub.

Nəzərə alsaq ki, Çinlə Qazaxıstan həmsərhəddir, dünyada tüğyan edən elektron siqaret bumunun təsiri onlardan nəinki yan keçməyib, hətta mərkəzinə çevrilib desək yanılmarıq.

Qonşu ölkədən idxal olunan elektron siqaretlərin qiyməti Qazaxıstanda ucuz və əlçatandır.

Görünən odur ki, ucuzluq daha çox insanın bu ziyanlı məhsuldan könüllü istifadəsinə imkan verib. Ona görə də, ölkə rəhbərliyi düşünüb ki, bu məsələ nəzarətsiz qalsa zərərçəkən tərəf elə xalq olacaq. Ona görə də problemi köklü şəkildə həll etməyə çalışıb.

Diqqətimi çəkən ikinci məsələ isə aprel ayının 23-də deputat Tahir Mirkişilinin Milli Məclisin iclasında səsləndirdiyi fikir oldu.

“Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir ki, il ərzində 3 milyona yaxın bu birdəfəlik elektron siqaretlər ölkəmizə idxal edilir.

Araşdırmama görə, bu, gənclər arasında geniş yayılan, dəb halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq növdür və əksər ölkələrdə də qadağan edilib. Əgər xanım sədr, siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq”, – deyə deputat bildirib.

Açığı Milli Məclisdə bu cür çağırışın səslənməsi alqışlanan haldır. 

Çünki bu gün az qala V sinif şagirdi belə elektron siqaret çəkirsə, deməli vəziyyət ürəkaçan deyil. 

Ən maraqlısı isə odur ki, valideynlər azyaşlı övladlarının elektron siqaret (qəlyan, vayp və s.) çəkdiyindən xəbər belə tuta bilmir. Çünki bu siqaretlərə müxtəlif meyvə qoxuları əlavə olunur ki, bu da elektron siqaret çəkənlərin üstündən heç bir siqaret qoxusunun gəlməməsinə imkan verir. Hətta elə növləri var ki, vanil, qəhvə və s. qoxusu verir. 

İndi sual yaranır, bu qədər kimyəvi qarışığı olan bir məhsul insan orqanizminə, xüsusən də uşaq orqanizminə nə qədər fəsad verə bilər? Bir daha qeyd edirəm, böyükləri qoyuram bir tərəfə. 

Ən bəsit araşdırmalara görə elektron siqaretin istifadəsi zamanı nikotin buxarlanır və bu, ağız boşluğunun selikli qişasının yanmasına,  xərçəngə, tənəffüs sisteminin zədələnməsinə, beyin damarlarının aterosklerozuna səbəb olur. Bəzi araşdırmalarda isə qeyd edir ki, bu zərərli vərdiş altsheymer xəstəliyinə qədər apara bilər. Bu isə adi siqaretdən daha çox təhlükəli və zərərlidir.

Bəlkə də, bu cümləni oxuyub yadınıza adi siqaretlərin üstündə böyük hərflərlə yazılan “siqaret öldürür” cümləsi düşür. Təəssüf ki, elektron siqaretlər üstündə “siqaret öldürür” yazılmır. Bəziləri də elə düşünür ki, bu qəbildən olan qəlyanlar təhlükəsizdir. 

Amma və lakin, çox xahiş edərdim ki, buxar halında birbaşa ağciyərlər hopdurulan toksik maddələr barədə bir daha düşünəsiniz. 

Bəzi elektron siqaretlərin tərkibində isə kannabinoidlərin tərkib hissəsi olan tetrahidrokannabinol (THC) maddəsi var ki, bu da psixoaktivdir, yüksək dozada narahatlıq və paranoyaya səbəb ola bilər.  Yeri gəlmişkən, kannabinoidlər biləsiniz ki, (CBD və ya cannabidiol), marixuananın ikinci ən çox yayılmış aktiv tərkib hissəsidir. CBD tibbi marixuananın vacib komponenti olsa da, o, marixuana bitkisinin ən yaxın qohumu hesab olunan çətənə bitkisindən alınır. Hətta süni yolla laboratoriyada istehsal olunur.

Qayıdaq elektron siqaretlərin yanma sisteminə, bu cihazlar qliserin və propilen qlikol əsasında mayeni qızdırır, bu da öz növbəsində siqaret tüstüsü deyil, buxar yaradır. Və kimyəvi maddələrlə zəngin olan buxar birbaşa ciyərə hopur. 

Digər tərəfdən də, buxar vasitəsilə nikotin qana daha tez keçir. Təzyiqin artması, ürək ritminin pozulması və s. kimi hallar adiləşir. Əsəbilik və yuxusuzluq isə stabilləşir. 

O zaman sual yaranır, niyə elektron siqaretlər bu qədər populyarlaşdı? Özü də bütün dünyada. 

Çünki çoxları adi siqaret çəkmək vərdişindən qurtulmaq üçün elektron siqaretlərdən istifadə etməyə başladı. Qoxusunun və tüstünün olmaması isə özlüyündə elektron siqaretlərin guya “təhlükəsiz” olması ilə bağlı mif yarada bildi. Amma əslində o məlum oldu ki, elektron siqaretlər, qəlyanlar və s. məmulatlar heç də zərərinə görə adi, ənənəvi siqaretdən geri qalmır. 

Bəzi araşdırmalar isə elektron siqaretlərin orqanizmdə xərçəng yaratdığının faiz etibariylə adi siqaretdən daha çox olduğunu iddia edir. Bunu da onunla əsaslandırırlar ki, kanseqoren maddələr isinir, buxar vasitəsilə orqanizmə daxil olur. 

Hə, indi bu yerdə Kərəmi ağlamaq tutur. Necə olur ki, bildiyimiz adi siqaret 18 yaşından aşağı olan kəslərə satılmır, amma elektron siqaretlər, qəlyanlar və s. satılır? 

Sən demə onlayn çatdırılma şirkətləri var ki, uşaq və yeniyetmələr bu elektron siqaretləri də sifariş edə bilirlər. Və kuryer müəyyən olunmuş ünvana bu məhsulları çatdırır. Burada da boşluğun olması göz deşir. 

Nəzərə alsaq ki, yeniyetmələr bu yaş dövründə özlərini təsdiq etmək üçün min oyundan çıxırlar, bu rahat çatdırılma sistemi onların işinə daha da yarayır. 

İndi gələk ən çətin məqama. Yeniyetmələr arasında bu qədər populyarlaşan elektron siqaretlərdən imtina etmək asandırmı? 

Əgər bir yeniyetmə 12-13 yaşında elektron siqaret və onun digər növlərindən istifadəyə başlayıbsa, 5 il ərzində mütəmadi istifadə edibsə, o zaman bu zərərli vərdişdən qurtulmaq xeyli çətin olacaq. Bunun üçün psixoloji terapiyalar, nikotinəvəzləyici terapiyalar, bəzi hallarda isə daha ağır terapiyalar təyin oluna bilər. Yəni narkoloq və psixoloq bir yerdə müalicə aparırlar. Ən yaxşı halda yarım ildən bir ilə kimi mütəmadi terapiya alan pasiyentlər bu zərərli vərdişdən qurtula bilərlər. 

Belə baxırsan 10-15 manata başa gələn sanki günahsız bir vərdiş gələcəkdə, ondan qurtulmaq üçün necə də böyük məbləğə başa gələ bilər. 

Ona görə də, ən salamatı, xeyirlisi ümumiyyətlə bu pis vərdişə başlamamaqdır. 

Nə elektron siqaretə, nə elektron qəlyana, nə də vayplara… Ümid edirəm ki, bizim dövlətimiz də bütün bu neqativ məqamları nəzərə alaraq, elektron siqaretlərin ölkəyə idxalını qadağan edər. Çünki özbaşına alınmır, Vallah alınmır…

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir