Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub.
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma Zavodunda işləyib.
Vətənimizin dar günündə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert, snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub.
Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.
Subay olub.
Albert Aqarunoviç Aqarunov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.
Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub, təhsil aldığı məktəbin önündə büstü qoyulub.
Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.
www.102info.az