Abşeronda təhlükəli vəziyyət aradan qaldırılır: “Xüsusi texnika ilə təmizləmək qeyri-mümkündür” – FOTO/VİDEO

Cəmiyyət




Aşağı Güzdək qəsəbəsində kanalizasiya sularının yaratdığı süni göl və onun ətrafında yaranan antisanitar vəziyyət haqqında yazmışdıq.

Ərazidə yaşayan sakinlərin şikayətlərində qeyd olunurdu ki, Güzdək stansiyasından təxminən 50 metr aralıda kanalizasiya sularından yaranan süni göldən ətrafa yayılan üfunət iyi və antisanitar vəziyyətin vətəndaşların sağlamlığını ciddi təhlükə altında qoymasına baxmayaraq, aidiyyəti qurumlar hər hansı bir addım atmırlar.

Məsələni araşdırmaq üçün ilk olaraq Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu cavablandıran Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli qeyd edib ki, Aşağı Güzdək qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.

“Son 10 il ərzində qəsəbəətrafı ərazilərdə kortəbii şəkildə məskunlaşmış sakinlər inşa etdikləri fərdi yaşayış evlərinin kanalizasiya xətlərini qeyri-qanuni olaraq yaxınlıqdan keçən boruya birləşdiriblər.

Həm kanalizasiya sularının, həm də qrunt sularının çökək ərazilərə yığılması səbəbindən dəmir yolu xəttinin yaxınlığında bir neçə gölməçə əmələ gəlib. Ərazidə məskunlaşmış sakinlərlə dəfələrlə maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, mövcud durum tam aradan qaldırılmayıb və ərazidə ekoloji çirklənmə müşahidə edilməkdədir”, – deyə o bildirib.

Ərazidəki tullantılar nəticəsində meydana gələn antisanitar vəziyyətə gəldikdə isə S.Qasımbəyli qeyd edib ki, qəsəbə bələdiyyəsi tərəfindən mütəmadi olaraq ətraf ərazilərdə təmizlik işləri aparılsa da, bu, mövcud vəziyyətin tam aradan qaldırılması üçün yetərli olmayıb.

“Məlumat üçün bildirim ki, uzun illər ərzində yığılan su kütləsi ərazidə bataqlıqlar yaratdığı üçün inşaat tullantılarının xüsusi texnika vasitəsi ilə təmizlənməsi qeyri-mümkündür. Buna baxmayaraq, müvafiq mümkün təmizlik işlərinin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək. Onu da vurğulayaq ki, qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsi və uzun illər ərzində yaranan süni bataqlığın qurudulması istiqamətində aidiyyəti qurumlara müraciətlər edilib və kanalizasiya şəbəkəsinin çəkilməsi də Dövlət Proqramına salınıb.

Sadalanan problemlərin həll edilməsi məqsədi ilə “Azərsu” ASC tərəfindən “Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikinti layihəsi çərçivəsində kanalizasiya kollektoru və mikrotunel qurğuları” layihəsi hazırlanıb və tərəfimizdən razılaşdırılıb”, – deyə S.Qasımbəyli bildirib.

Növbəti sorğunu “Azərsu” ASC-yə ünvanladıq.

Oxu.Az-ın sorğusuna münasibət bildirən qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, Aşağı Güzdəkdə ümumiyyətlə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu yoxdur.

“Aşağı Güzdək qəsəbəsində nə kollektorlar, nə də toplayıcı mərkəzləşmiş xətlər tikilib. Vətəndaşlar özləri primitiv üsullarla xətlər çəkiblər. Bizim bu gün üçün həmin ərazidə heç bir infrastrukturumuz yoxdur. Abşeron rayonunun Baş Planına əsasən, gələcəkdə həmin infrastrukturun sözügedən ərazidə qurulması nəzərdə tutulur”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti də sualımızı cavabsız qoymayıb.

Xidmətin rəsmisi Emin Ələkbərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında qurum nümayəndələri dərhal əraziyə baxış keçiriblər və hazırda ərazinin məişət tullantılarından təmizlənməsi işi aparılır.

“Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində tullantıların atılaraq qalaqlandığı ərazi hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Aşağı Güzdək bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənir”, – deyə açıqlamada vurğulanır.

E.Ələkbərov onu da vurğulayıb ki, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Aşağı Güzdək bələdiyyəsinə məktub ünvanlanıb.

Qeyd edək ki, hazırda ərazidə təmizlənmə işləri həyata keçirilməkdədir.

Ərazidə çəkilən video və şəkilləri təqdim edirik:

 

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir