32 il…
17 yaşlı bir qız öz arzusuna çatmaq üçün bu qədər gözləməli olub.
Bu gün o, gənc tələbələrlə eyni masa arxasında oturaraq özündən yaşca kiçik müəllimlərdən dərs alır. Yaşı 53 olsa da, gözündəki həyəcan və oxumaq həvəsi elə 17 yaşındakı kimidir. Söhbət Gülşən Binnətovadan gedir. Gülşən xanım Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə qiyabi təhsil alır. IV kurs tələbəsidir. Ailəlidir. 2 qız, 2 oğul anasıdır.
Maraqlıdır ki, 49 yaşında tələbə adını qazanan qəhrəmanımız qızı ilə eyni universitetdə təhsil alır. Ana-qız dərsə birgə gedib-gəlir, tapşırıqlarında məsləhlətləşir, arzularına doğru bir yerdə addımlayırlar.
“Qafqazinfo” 3 övladı ilə yanaşı tələbə həyatı yaşayan Gülşən Binnətova ilə həmsöhbət olub, onunla 32 il əvvələ qayıdıb:
“Təkcə böyük oğlum ali təhsil almaq istəmədi. Digər övladlarım hamısı oxuyur. Evdə dörd tələbəyik. Uşaqlıqdan oxumağa həvəsim olub. Məktəbdə də ən yaxşı oxuyan şagird olmuşam. Çox istəyirdim ki, ali təhsil alım, amma alınmadı. Məktəbi bitirdikdən sonra sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verdim. Lakin orada imtahan prosesi zamanı haqsızlıqla qarşılaşdım. Onda bir qədər həvəsim qırıldı. O zaman da vəziyyət elə idi ki, əgər oxumursansa, növbəti il yenidən sənəd vermək üçün mütləq haradasa işləməli olursan. O vaxt məktəb direktorumun köməkliyi ilə “İnşaatçılar stadionu” adlanan yerdə katibə-makinaçı vəzifəsində çalışdım. Düz 6 ay burada işlədim. Bundan sonra isə 18 yaşım olarkən ailə qurdum. Həyat yoldaşım Füzulidəndir. Elə ora gəlin köçmüşəm. 3-4 il də orada eyni işdə çalışdım. Daha sonra məcburi köçkün olaraq Sumqayıta gəldik”.
O, keçən bu illər ərzində dəfələrlə təhsil almaq üçün imtahan vermək istəyində olduğunu vurğulayıb.
“Həyat yoldaşım oxumaq həvəsində olduğumu bilirdi”, – deyən Gülşən xanım bildirib ki, bu illər ərzində təhsil almamağının səbəbi övladlarını heç kimə əmanət edə bilməməsi olub:
“Başım qarışdı övladlarıma. Onların böyüməsi, təhsili… Amma içimdə hər zaman oxumaq həvəsi var idi. O arzu heç vaxt ölmədi. Peşman deyiləm, çünki çox gözəl, ağıllı övladlarım var. Həyat yoldaşım II qrup Çernobıl əlilidir. O həmişə bilirdi ki, mənim oxumaq kimi bir arzum var. Lakin elə uşaqlarımla məşğul olduğum üçün bunu ertələyirdim. Çünki onları heç kimə etibar etməmişəm. Bu fikrimi qızımla bölüşəndən sonra dedi ki, “istəyirsənsə, oxu”.
Bəlkə də düşünürdü ki, qəbul olmayacağam. Amma savadıma bələd idi. Qəbul olmağım da heç kimi incitmədən, heç kimə yük olmadan baş tutdu. Belə ki, əslində qiyabi təhsil aldığım üçün təhsilim ödənişli əsaslarla idi. Lakin mən Füzuli rayonunun qeydiyyatında olduğum üçün təhsil haqqımı dövlət ödəyir”.
Bəs necə olur ki, illər sonra universitetə qəbul olmaq həvəsinə düşür? Ona stimul verən nə olur? Suallarımıza cavab kimi Gülşən xanım bizə belə demək olarsa, qısa həyat hekayəsi danışıb.
O deyib ki, əvvəlcə o qızını, daha sonra isə qızı onu oxumaq üçün həvəsləndirib:
“Övladlarımın dərsləri ilə özüm məşğul olmuşam. Elə bir gün olmayıb ki, dərsə hazırlıqsız getsinlər. Elə onlarla məşğul ola-ola bildiklərimi elə bil, hər dəfə vərəqləmişəm, daha da möhkəmləndirmişəm. Bəlkə də ona görə hazırlaşarkən daha rahat oldu.
Böyük qızım Aynurə kolleci bitirdikdən sonra mən onu məcbur etdim ki, mütləq ali təhsil də alsın. Elə oldu ki, qızım hazırlaşıb imtahan verdi və qəbul oldu. Onunla eyni ildə oğlum da universitetə qəbul oldu. Bundan sonra mənim ürəyimdəki o arzu yenidən baş qaldırdı. Daha da həvəsləndim və bu fikrimi ilk dəfə qızımla bölüşdüm. O da çox sevindi və dedi ki, “olar”. İlk dəstəyi ondan gördüm. Bəlkə də o desəydi ki, “ana, artıq gecdir. Bu yaşdan sonra oxuyub nə edəcəksən?” elə orada da dayanardım, davam etməzdim. Dərslərdə köməklik göstərdi. İmtahana artıq 3 ay qalmışdı və mən gecəmi gündüzümə qatıb hazırlaşdım. Uşaqların dərs vəsaitləri, testlərindən istifadə edirdim. Bəzi dərslər üçün internetə baxırdım. Getdim, imtahan verdim və ümumilikdə 335,6 balla Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına qəbul oldum. Özüm bu ixtisası ilk yazmışdım. İllər əvvəl arzuladığım universitetə qəbul oldum”.
Gülşən xanımın ilk övladıdır Aynurə Nəzəri. 33 yaşlı Aynurə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi üzrə qiyabi təhsil alır. Artıq V kurs tələbəsidir: “Daha öncə kollec oxumuşdum. Ondan sonra işləməyə başladım və belə deyim ki, oxumağı bir kənara qoydum. Anam hər dəfə təkid edirdi ki, oxuyum, təhsilimi davam etdirim. Mən isə başdansovdu yanaşırdım. Amma iş həyatında elə bir nöqtəyə çatdım ki, ali təhsilin vacibliyini gördüm. Aradan 9 il fasilədən sonra 1 il hazırlaşaraq universitetə yenidən imtahan verdim və qəbul oldum. Oxuduğum müddət ərzində jurnalistika sahəsində də 3 aylıq təcrübə keçdim. Lakin hazırda tamamilə fərqli bir sahədəyəm. 2 ilə yaxın müddətdir ailəliyəm. 2019-cu ildə universitetə qəbul oldum və qiyabi təhsili seçdim. Buna səbəb həm də işləmək istəyim idi”.
Anasının ən böyük dəstəkçisi qeyd edir ki, qrup yoldaşları arasında anası ilə yaşıd tələbə var:
“Biz hər birimiz ona dəstək oluruq. Əvvəllər düzü, o xanımı başa düşmürdüm. Deyirdim “bu yaşdan sonra təhsil onun nəyinə lazımdır?!” Amma deyirlər, başına gələn başmaqçı olar. Öz anam bu qərarı verib universitetə qəbul olandan sonra o xanımı daha yaxşı anladım. Həqiqətən də təhsil almağın yaşı yoxdur. İstənilən yaşda təhsil almaq heç vaxt gec deyil. Anam ali təhsil almaq üçün məni həvəsləndirdi, daha sonra da özü məndən həvəsləndi. Çox sevinirəm ki, anam bu qərarı verdi. Bütün prosesləri birlikdə izləyirdik. Hətta imtahan nəticələri açıqlanan gecə biz yatmadıq. Cavablar elə təxminən saat 5-də açıqlanmışdı. Oturub birlikdə onu gözlədik.
Həmin ili bacım da ali təhsilə sənəd vermişdi. Lakin o kollecə qəbul oldu. Anam buna görə bir qədər üzüldü. Amma mən deyirdim ki, əsas sənin qəbul olmağın vacibdir, çünki bacım hələ gəncdir, həyatı qabaqdadır. Yenidən hazırlaşıb oxuyar. Düzdür, bacım elə demək olar, hər gün evdə deyirdi ki, “Mən kollecdə oxumaq istəmirəm. Gərək yenidən hazırlaşardım”. Amma anamla mən ona deyirik ki, bu təhsildən sonra yenidən universitetə sənəd versin. Çünki ətrafımda da görürəm ki, bəzi xanımlar qəbul olmurlarsa, həvəsdən düşürlər və artıq davam etmək istəmirlər, ailə qururlar. Amma bacıma verdiyimiz öyüd-nəsihət nəticəsini göstərdi, ötən il universitetə qəbul oldu”.
“Bu yaşdan sonra oxuyub nə edəcəksən?” – bu sualı az eşitmədiyini deyir Gülşən xanım.
“Qohumlardan, ətrafdakı tanışlardan bu xəbəri eşidib sevinən də oldu, təəccüblənən də. Çoxu məni dəstəklədi. Amma “bu yaşdan sonra oxuyub nə edəcəksən?” deyən də oldu. Düzü, artıq kimin nə dediyi məni ruhdan sala bilməz.
Əvvəl düşünürdüm ki, çətin olacaq. Gənc tələbələrlə eyni parta arxasında oturmaq, evin işləri ilə yanaşı, dərslərə də hazırlaşmaq gözümdə çox çətin görünürdü. Amma sonra gördüm ki, əksinə, çox rahatdır. Qrup yoldaşlarım, müəllimlərim də sağ olsunlar ki, çox dəstək olurlar.
Universitetdə o qədər maraqlı hadisələr baş verir ki… Çoxları mənim tələbə yox, müəllim olduğumu hesab edirlər. Bununla bağlı çoxlu maraqlı hadisələr yaşamışıq. Bir dəfə qrupdakı qızlarla birlikdə bufetə düşdük. Biz oturduq, qızlardan bir neçəsi çay almaq üçün getdi. 10 stəkandan çox çay istəmişdilər. Lakin orada necə olmuşdusa, çay verilməmişdi. Daha sonra mən getdim və elə bildilər, müəlliməm çay verdilər. Çayla qayıtdığımı görən qızlar çox sevinmişdilər. Bu kimi hadisələr çox olur”.
Gülşən xanım imtahanlara hazırlaşarkən həm qrup yoldaşlarından, həm də övladlarından dəstək görür: “İndi gənclərin dünyagörüşü daha çoxdur. Bəziləri deyir “onlar gəncdirlər, biz nə öyrənəcəyik?!”, – amma elə deyil. Onlardan öyrənəcəyimiz şey çoxdur.
Qızlarla danışırıq, imtahanlara birlikdə hazırlaşırıq. Bizdə əsas çətinlik odur ki, əyanilərin bütün il ərzində keçdiyini bir aya oxuyub, hazırlaşıb imtahan verməli oluruq. Çətin olsa da, öhdəsindən gəlməyə çalışıram.
Kiçik qızımla eyni ildə sənəd verdiyimiz üçün elə birlikdə hazırlaşırdıq. İndi də imtahanlara hazırlaşanda bir-birimizdən kömək istəyirik. İmtahanlara hazırlaşmaq prosesi məndə günorta saatlarında bir qədər çətin olur. Bunun üçün əsasən gecələr dərs oxuyuram. Məsələn, uşaqlar imtahana hazırlaşanda çalışıram ki, evdə tam sakitlik olsun. Çaylarını da dərs masalarına aparıram ki, fikirləri yayınmasın. Amma özümdə bu hal bir qədər fərqlidir. İstər-istəməz evdə səs-küy olur. Gün ərzində ev işləri ilə də məşğul oluram”.
Aynurə imtahanlarda anasının ondan daha yaxşı nəticə göstərdiyini qeyd edir:
“Ailə qurandan sonra heç nə dəyişmədi. Çünki həyat yoldaşım hərtərəfli mənə dəstək olur. Anamdan fərqli olaraq övlad qayğısı da çəkməmişəm. Buna görə də həm işimə, həm də dərsimə çox rahat gedib-gəlmişəm. Hazırda da diplom müdafiəsinə hazırlaşıram.
İmtahanlara hazırlaşarkən anamla bir-birimizə kömək edirik. Düzdür, uyğun dərslər yoxdur, amma çalışıram ki, anama dəstək olum. Onu da deyim ki, açığı, buna heç ehtiyac da olmur. Anam imtahanlarda məndən daha yaxşı nəticə göstərir”.
İş axtarışında olan Gülşən xanımın ən çox eşitdiyi sözlərə “İndi heç cavanlar iş tapmır” da daxildir:
“Bu söz mənə çox deyilib. İş tapılır, gedirəm danışmağa, yaş məhdudiyyəti olur. Elə olub ki, cəmi iki yaşa görə də işə götürülmədiyim olub. Məncə, bu düzgün deyil. Çünki əsas qabiliyyətə baxılmalıdır. Əgər mən bu yaşda dövlətdən məvacib almıramsa, o zaman çalışmalıyam. Buna gücüm də yetər. İnsanın öz qazancı başqadır. Ailəm mənə dəstək olsa belə, mən çalışmaq istəyirəm. Məhz buna görə daha tez təhsil almadığım üçün bir qədər peşmanlıq çəkirəm. Çünki bu gün iş üçün müraciət etdiyim yerlərdə mənə tək əngəl yaşım olur. Artıq iki ildir ki, iş axtarıram. Yəni oxumağımın bəhrəsini görmək istəyirəm. Bu qədər əziyyətin boşa getməyini istəmirəm. Kitabxana, mətbəə, nəşriyyat kimi yerlərdə çalışmaq arzumdur.
Bacarmadığım bir iş olsa da, qısa müddət ərzində öyrənə bilərəm. Bir şeyi əldə etmək istəyirəmsə, edirəm. Bu, artıq faktdır”.
Aynurə isə anasından fərqli olaraq ali təhsili hazırda ancaq diploma görə istəyir:
“Bu sahəni seçərkən ilk vaxtlar jurnalist kimi çalışmaq istəyirdim, amma alınmadı. Çünki iş üçün üz tutduğum yerlərdə məndən əsas təcrübə istəyirdilər. Bu da mənim üçün əlverişli deyildi. 20-25 yaş aralığında olsaydım, problem olmazdı. Şərtlər elə gətirdi ki, mən başqa sahədə çalışmalı oldum. Hazırda o sahədə çox uğurlar əldə edirəm”.
Gülşən Binnətova özü 18 yaşında ailə qursa da, çox gənc yaşda nikahlara qarşıdır:
“Bu, mənim üçün çox erkən idi. Bəlkə də o zaman ailə qurmasaydım, təhsilimin dalınca gedə bilərdim. Öz övladlarıma da həmişə demişəm ki, birinci təhsil alın. Mənə görə qızların təhsil almağı daha önəmlidir. Bu gün təhsili yox, ailə qurmağı seçən, ya da buna məcbur olan gənclərin, xüsusilə qızların valideynlərinə demək istərdim ki, onları evləndirməyə tələsməyin. İlk olaraq təhsil verin. Ali təhsil şərt deyil, əlbəttə. Hər hansı bir kurs, dərnək də ola bilər. Bir peşəyə sahib olsunlar. Heç vaxt heç kimdən asılı olmasınlar. Necə deyərlər, öz çörəklərini özləri qazansınlar. Ola bilər, erkən ailə qurub xoşbəxt olan, sonradan təhsil alanlar da olur. Amma bunlar istisnalardır”.
Ali təhsil almaq təkcə həyatında deyil, eyni zamanda xarakterində də çox şeyi dəyişdiyini deyən Gülşən xanım indi daha səbirli olduğunu bildirir. Müsahibəmizi xoş ovqatla bitiririk. 53 yaşlı tələbə bizimlə sağollaşıb özünü dərsə yetirir.
www.102info.az