“Qəbələ”nin doğrulmayan ümidləri: İdman prinsiplərinə yanlış yanaşma, yoxsa faciə sayılmayan eniş? – FOTO

Cəmiyyət




13 may 2024-cü il tarixində keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Çıxarılan qərar “Qəbələ” klubun APL-də qalmaq ümidlərinin üzərindən xətt çəkib.

Belə ki, iclasda hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayıb, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə onun mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub. İcraiyyə Komitəsində qərara alınıb ki, akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

“Qəbələ”nin APL-dən düşməsinə münasibət bildirən klubun rəsmisi, keçmiş futbolçusu və azarkeşləri əmindirlər ki, komanda tezliklə statusunu bərpa edəcək.

“Qəbələ” klubunun idman direktoru Səbuhi Səfiyarlı Oxu.Az-a açıqlamasında bildirib ki, APL-ə yenidən qayıtmaq üçün dəstəyə ehtiyacları olacaq:

“Birinci Liqaya düşməyimizə baxmayaraq, əsas məqsədimiz yenidən elitaya qayıtmaq olacaq. İdman prinsiplərinə əməl olundu, komanda sayı artmadı deyə biz də taleyimizlə barışmışıq. Birinci Liqada mübarizəni davam etdirəcəyik. Qarşıya qoyulacaq əsas məqsəd Premyer Liqaya yenidən və daha yaxşı formada qayıtmaqdır.

Klubun akademiyası və infrastruktura ayrılan büdcə çox böyükdür. Dəstəyə ehtiyacımız olacaq. AFFA da bizə bu məsələ ilə bağlı müraciət edib. Amma daha detallı müzakirəyə ehtiyac var”.

Hazırda Birinci Liqa təmsilçisi “Cəbrayıl” klubunun baş məşqçisi olan Cavid Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, vaxtilə heyətində avrokuboklarda iştirak etdiyi “Qəbələ” ölkə futbolu üçün vacib klublardan biridir:

“Qəbələ” futbol klubunun keçmiş futbolçusu və ailəsinin bir üzvü olaraq, əlbəttə ki, bu qərar məni üzdü. Vaxtilə avrokuboklarda ölkəmizi təmsil edən komandanın Birinci Liqaya enməsi heç yaxşı olmadı. “Qəbələ” infrastruktur baxımından Azərbaycan futbolu üçün vacib klublardan biridir. Əlbəttə, qərar idman prinsipləri nəzərə alınaraq verilib. Amma yenə də inanıram ki, aşağı liqaya düşmək “Qəbələ” klubunun zəifləməsinə səbəb olmayacaq. Yenidən toparlanıb Premyer Liqaya qayıdacaq və daha çox uğur qazanacaq”.

Klubun azad azarkeş qrupunun təsisçilərindən olan Nəriman Təbriz isə Oxu.Az-a bildirib ki, Azərbaycanda idman prinsiplərinə yanaşma yanlışdır:

“Qəbələ”nin APL-i tərk etməsini faciəvi saymaq olmaz. İdman prinsiplərini qoruduqlarını deyirlər, amma baxır, nəyi nəzərdə tuturlar. Bizdə idman prinsiplərinə yanaşma yanlışdır. İdman prinsiplərinə qalsa, “Kəpəz”, “Turan Tovuz” və “Araz-Naxçıvan” liqaya gəlməməli idilər. “Turan Tovuz”la “Kəpəz” aşağı liqada mübarizə apararkən çempion olmadan, hətta heç ikinci olmadan Azərbaycan Premyer Liqasına yüksəldilər. “Araz-Naxçıvan” və “Kəpəz”in hazırda stadionları belə yoxdur, amma yenə də Premyer Liqada çıxış edirlər.

Sadəcə, sonuncu pillədəki komandanın APL-i tərk etməsi, Birinci Liqada çıxış edən komandanın isə Premyer Liqaya yüksəlməsi prinsipinə əməl olunur. Maliyyə məsələsinə gəldikdə isə ümid edirik ki, AFFA verdiyi sözü tutacaq və komandanın akademiyasının öz fəaliyyətini davam etdirməsi üçün vəsait ayıracaq. “Qəbələ” akademiyasının, stadionların fəaliyyətinin stabil saxlanması üçün heç olmasa, illik 800 min manat ayrılmalıdır. Ümumi olaraq isə klubun aşağı liqaya düşməsi faciə deyil. Nə olursa-olsun, biz “Qəbələ”ni dəstəkləməyə davam edəcəyik. “Qəbələ” futbolu küçədə oynasa, biz səkidən izləyərik. Amma dəqiq olan odur ki, “Qəbələ”nin aşağı liqaya düşməsi bölgə futbolunun inkişafına böyük ölçüdə təsir edəcək”, – deyə bildirib.

Qeyd edək ki, aktivində 23 xalı olan “Qəbələ” klubunun APL-i tərk edəcəyi finala dörd tur qalmış dəqiqləşmişdi. “Qəbələ”nin aşağı liqaya düşməsi “Qaradağ-Lökbatan” klubunun Premyer Liqaya yüksəlməsinə şərait yaradıb.

Anar Həsənov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir