“Əgər əlillik ləğv olunursa, buna görə pensiya verilibsə, yalnız son üç il ərzində ödənilmiş məbləğ geri qaytarıla bilər”.
Bunu Oxu.Az-a Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə deyib.
Hakim qeyd edib ki, məbləğin geri qaytarılmasında da müəyyən şərtlər, işin halları nəzərə alınır.
“Məsələn, inzibati orqanın qərarı ilə müəyyən şəxsə uzun illər sosial və ya pensiya ödənişi edilib. İnzibati orqan özünün araşdırması nəticəsində əlilliyin qanunsuz müəyyən olunması faktını müəyyən edibsə və şəxsin bundan məlumatlı olması aşkar edilibsə, onda həmin məbləğ geri qayıtmalıdır. Şəxs əlilliyin müəyyən olunması haqqında qərarı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə əldə edibsə, bu halda da ödəniş geri qaytarıla bilər. Digər tərəfdən, şəxs özü komissiyaya yanlış və təhrif olunmuş məlumat təqdim edibsə, burada da məbləğin qaytarılması mümkündür”, – deyə o qeyd edib.
R.Nəbizadə vurğulayıb ki, məbləğin qaytarılması birbaşa həyata keçirilə bilməz:
“Ya şəxsin özünün razılığı ilə, ya da inzibati orqan şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Yəni bu mübahisəyə inzibati məhkəmənin apardığı inzibati icraatla hüquqi qiymət verilir”, – deyə hakim bildirib.
www.102info.az