Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Unibank KB ölkənin futbol tarixində özünəməxsus yeri olan Kəpəz
Peşəkar Futbol Klubunun inkişafına dəstək verəcək. Bu məqsədlə
tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə
əsasən, Unibank klubun əsas sponsoru qismində çıxış edərək, Kəpəz
Klubunun inkişafına maliyyə dəstəyi göstərəcək.

Məqsəd yalnız bir futbol klubuna dəstək deyil – bölgədə idmanın,
xüsusən gənclər arasında futbola marağın yenidən güclənməsinə töhfə
verməkdir.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini
müvəqqəti icra edən Heybət Qədirov
klubla imzalanan
müqaviləni Bankın idmana dəstək strategiyasının davamı kimi
qiymətləndirib: “Unibankın ölkə idmanına, xüsusilə də milli
futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank
olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu
ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan Kəpəz
FK ilə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil
– bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır.
Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət
edəcəyik”.




Kəpəz Peşəkar Futbol Klubu İctimai Birliyi İdarə
heyətinin üzvü Fərman Əli Zadə
bu dəstəyi klubun yeni
mərhələyə keçidi üçün mühüm addım kimi qiymətləndirir:
“Unibank”ın bizim çətin dövrümüzdə yanımızda olması və bu
əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət
daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan
da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində
klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.

Tərəfdaşlıq yalnız klubun maliyyə sabitliyini deyil, həm də
bölgədə futbolun və gənclər arasında idmanın inkişafını
hədəfləyir.

Unibak- Sənin Bankın!