
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil
müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən
müsabiqənin nəticələrini Mərkəzin internet saytında
yerləşdirib.
Bu barədə Trend-ə DİM-dən
məlumat verilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə
ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727
nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında
“Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak
edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər
dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki
illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust
tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan
keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən
xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə
təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından
xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM
tərəfindən elan olunacaq.