Ağdərədə avtomobil yolları yenidən qurulur (VİDEO)

Cəmiyyət

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası
və vətəndaşların öz doğma torpaqlarına qayıdışının
sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıq və
sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi (AAYDA) tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər və
Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri
aparılır.

AAYDA-dan Trend-ə verilən məlumata görə, yayihə çərçivəsində
uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız
asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının
yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu
işləri icra edilib.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif
diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun
şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının
döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə
düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton
küvetlərin inşası da nəzərdə tutulub.




Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də
köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının
yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb.
Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif
diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda
istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç
hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və
bu istiqamətdə işlərə artıq başlanılıb.

Hər iki avtomobil yolunda tikinti işləri “İnşaat Norma və
Qaydaları”na uyğun olaraq, tərtib olunmuş qrafikə və texnoloji
ardıcıllığa riayət edilməklə aparılır. Tikintinin vaxtında başa
çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika
cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir