
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən
sürücülərə müraciət edib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş
verən aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast
gəlinir.
“Ağır fəsadlarla müşayiət olunan bu növ qəzalar əsasən
avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz,
eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün
qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə,
hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi
məsuliyyətsiz davranışlardan qaynaqlanır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik
olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər
yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yük daşıma
fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək
onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa,
yuxarıda sadlanan və hər biri insan həyatı üçün təhlükə yaradan
qayda pozuntularından çəkinməyə çağırır.
Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün
özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün
ağır nəticələr yarada bilər”, – məlumatda deyilir.