
Bakı. Trend:
Qazaxıstanın axtarışa verdiyi şəxs həbs edilərək ölkəsinə
qaytarılıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat
yayıb.
Bildirilib ki, 28.05.1999-cu il təvəllüdlü Qazaxıstan
Respublikasının vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin
Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən təmin edilib.
Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında
quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq
cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq
axtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayında
Azərbaycanda müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri
seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul
edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin
xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının
səlahiyyətli orqanına təhvil verilib.