
Bakı. Trend:
27 iyul 2025-ci il tarixində Musiqi sənəti istiqaməti üzrə
ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə
fənləri üzrə test imtahanı keçiriləcək. İmtahanlar Harmoniya və
solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə keçirilir.
Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil
olunacaq.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyentlər
“İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan
binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent
“İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi
təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi
olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş
surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən
verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici
vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim
edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan
binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə
vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət,
cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa
yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək
qadağandır.
Qeyd edək ki, ixtisas imtahanlarında uğur qazanan 1074
abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək
hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi
nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio,
həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122
abituriyentin imtahanda iştirakı nəzərdə tutulub.
İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.
İmtahan müddəti harmoniya və solfecio fənni üzrə 1 saat 30
dəqiqə, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə isə 1 saatdır.
Hər iki fənn üzrə imtahanda iştirak edən abituriyentlərə 2 saat 30
dəqiqə vaxt veriləcək.
Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı
təqdim edilir. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və
solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri
biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (test
tapşırığı nümunələri Abituriyent jurnalının Xüsusi buraxılışı olan
Musiqi sənəti adlı vəsaitdə verilmişdir). Eşitmənin təyininə aid
tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar
sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.
Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur.
Aşağıdakı cədvəldə test imtahanında doğru cavabların sayına görə
qiymətləndirmə şkalası verilib (10 ballıq şkala üzrə):
Doğru cavablandırılan tapşırıqların sayı |
Qiymətləndirmə (balla) |
28-30 |
10 |
25-27 |
9 |
22-24 |
8 |
19-21 |
7 |
16-18 |
6 |
13-15 |
5 |
10-12 |
4 |
7-9 |
3 |
4-6 |
2 |
1-3 |
1 |
0 |
0 |