Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərin
potensialının açılması” şüarı altında “Gənclərin İnkişafı Qlobal
Forumu–2025”in açılışı keçirilib. 100-dən çox ölkə və 17 beynəlxalq
təşkilatdan 500-ə yaxın şəxsin, o cümlədən, gənc nazirlərin,
liderlərin və müxtəlif təşkilatların nümayəndələrinin iştirak
etdiyi forumda Azərbaycan da təmsil olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, forum BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030
Gündəliyinə və Çinin inkişaf, təhlükəsizlik və sivilizasiya
sahəsində gənclərin beynəlxalq əməkdaşlığına töhfə verməyi
hədəfləyib.

Tədbirdə “Gənclərin İnkişafı üzrə 2025-ci il Qlobal Fəaliyyət
Planı” çərçivəsində 100 layihə təqdim olunub, yaşıl istehlak,
texnoloji innovasiyalar, süni intellekt və mədəni irsin qorunması
mövzularında sessiyalar təşkil edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə tədbir çərçivəsində “İpək Yolu Gənc Sahibkarlar” adlı
forum keçirilib. Afrika, Asiya və Avropadan 35 ölkədən 37 gəncin
qatıldığı tədbirdə sahibkarlıq, innovasiya və qlobal çağırışlar
mövzusunda panel müzakirələr aparılıb.




“İpək Yolu Gənc Sahibkarlar” forumunun açılış mərasimində Çin
Gənclər Federasiyasının Baş Katibinin müavini Liu Kai və “Böyük
İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Prezidenti Aytən Əliyeva
çıxış ediblər. Xanım Liu Kai çıxışında gənclər arasında sahibkarlıq
və əməkdaşlığın əhəmiyyətindən, “Böyük İpək Yolu” Gənclər İttifaqı
ilə birgə əldə olunan uğurlardan və “Bir Yol, Bir Kəmər” təşəbbüsü
çərçivəsində görülən işlərdən danışıb. Aytən Əliyeva tədbirin
məqsədinin İpək Yolu ölkələrindən gəncləri bir araya gətirmək və
sahibkarlar şəbəkəsi yaratmaq olduğunu bildirib. Çin Gənclər
Federasiyasına ev sahibliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə
işə göstərdiyi dəstək üçün təşəkkür edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Dayanıqlı İnkişaf
Departamentinin rəhbəri Afət Məmmədova forumun moderatoru kimi
çıxış edib. Onun ingilis və çin dillərində apardığı sessiyalar
yüksək qiymətləndirilib.

“Gənclərin Səsi: İpək Yolu İnnovatorları” adlı sessiyada
Pakistan, Türkiyə, Seneqal, Misir, Qazaxıstan və digər ölkələrdən
olan gənc startapçılar innovativ layihələrini təqdim ediblər. Panel
müzakirələrdə gənclərin innovasiyalar vasitəsilə qlobal problemlərə
cavab verməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi müzakirə
olunub.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Daha sonra iştirakçıların Şanxay, Çanşa və Sian şəhərlərinə
işgüzar səfəri baş tutub.