
Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP VC
şirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinin
inkubasiya mərhələsinin “DemoDay” tədbirləri uğurla baş tutub.
“DemoDay” tədbirində yerli dövlət və özəl təşkilatların
nümayəndələri, innovasiya sahəsindən ekspertlər və müxtəlif startap
təsisçiləri qatılıblar.
“Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32
startap qurulub. Onların 29-u MVP (Minimum Viable Product)
mərhələsinə yüksələrək, ilkin məhsullarını bazara təqdim etməyə
hazırdırlar. Həmçinin, 14 startap artıq ilkin satış həyata keçirmiş
və aktiv satış prosesləri davam etdirməkdədir. Regionlar üzrə
startapların bölgüsü belədir: Sumqayıtda 10, Gəncədə 7, Lənkəranda
7, Naxçıvanda isə 8 startap fəaliyyət göstərir.
Proqram müddətində iştirakçılar üçün iki fərqli inkubasiya
mərhələsi təşkil olunub. Bu mərhələlərdə onlara biznes modellərinin
inkişafı, məhsulun təkmilləşdirilməsi, bazar araşdırması və
investorlarla əlaqələrin qurulması kimi sahələrdə dəstək
göstərilib. Ümumilikdə 24 müxtəlif təlim keçrilmiş, startapların
bacarıqları artırılıb və bazar şərtlərinə uyğunlaşmaları təmin
edilib. Bundan əlavə, iki fərqli istiqamətdə individual mentorluq
proqramları həyata keçirilib ki, bu da layihələrin spesifik
problemlərinin həllində iştirakçılara kömək edib.
Regional DemoDay tədbirləri startapların təqdimatları üçün geniş
imkanlar təqdim edib. Növbəti mərhələdə startaplar öz ideyalarını
“Grand DemoDay” tədbirində təqdim edəcəklər.“Grand DemoDay” tədbiri
çərçivəsində çıxışı ilə fərqlənən ən yaxşı 4 startap ümumilikdə 50
000 manat mükafat qazanacaq. Bu, innovativ ideyaların dəstəklənməsi
və reallaşdırılması üçün mühüm stimuldur.
Bu inkubasiya proqramları regionlarda startap ekosisteminin
inkişafına, gənc təşəbbüskarların dəstəklənməsinə və innovasiya
yönümlü iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir. Layihənin
uğurla keçirilməsi gələcəkdə belə təşəbbüslərin genişləndirilməsi
və innovativ layihələrin artmasına zəmin yaradır.