
Bakı. Trend:
Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq
edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul
subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə
əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat
vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə,
məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən
ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri
etmişdi.
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan
edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin
qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun
yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin
“istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan
istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə
aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin
edilməsinə ehtiyac duyuldu.
“Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs
tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan
şəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan, yəni,
girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının
depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin
zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə,
həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini
nəzərdə tutur.
Yeni dəyişikliklərlə gömrük orqanları tərəfindən hesablanmış
gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun
borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin
gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.
Bütövlükdə, yeni dəyişikliklərlə başqasının gömrük borcunu
ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslərlə bağlı
ödəniş qaydaları əvvəlki kimi saxlanılır”, – deyə deputat əlavə
edib.

