
Bakı. Trend:
ASCO-nun təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi
kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın
həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinə
başlanılıb.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Bildirilib ki, “Şövkət” adlı ekran əsərinin əsas məqsədi
dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və
qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı,
İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli
gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik
sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana
çıxarmaqdır.
Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə
də 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı Şövkət
Səlimovanının obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır.
Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış
aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər
simalar da rol alır.
Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr
departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif
Rüstəmov və “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimovdur.
Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru
Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri
Səbinə Həsənovadır.
Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real
məkanlarda aparılır.
Onu da əlavə edək ki, filmin çəkiliş prosesinin gedişatı barədə
davamlı məlumat veriləcək.