
Bakı. Trend:
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Trend xəbər
verir ki, bu mərhələdə kəndə 29 ailə – 114 nəfər köçürülüb
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini
qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər Respublikanın
müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.
Əlavə edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50
mindən çox insan yaşayır.