
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26
iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş”
müsabiqəsinin beşinci mövsümünün qalibləri bəlli olub. 20 nəfərin
qalib elan olunduğu builki müsabiqədə Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) məzunu Numrəddin Hüseynov da var.
Numrəddin Hüseynov 2014-cü ildə AzMİU-nun Tikinti iqtisad
fakültəsinin menecment ixtisasını bitirib. Hazırda o, özəl sektorda
– Bakcell şirkətində Marketinq Kommunikasiyalar şöbəsinin rəisi
vəzifəsində çalışır. Onun bu uğuru AzMİU-da formalaşan peşəkar
potensialın və liderlik bacarıqlarının parlaq nümunəsidir.
AzMİU-nun məzunu olmuş digər qalib isə Əli Kərimlidir. O,
Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisi
ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və
idarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq və
İnşaat Universitetində isə sahə iqtisadiyyatı ixtisası üzrə
aspirantura/doktorantura təhsili alıb. Hazırda dövlət sektorunda –
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup
rəhbəri vəzifəsində çalışır.
Müsabiqənin final mərhələsi 2025-ci ilin iyul ayında “Baku Ekspo
Mərkəzi”ndə baş tutub. Ümumilikdə 124 finalçı arasında keçirilən
seçim nəticəsində 20 nəfər ən yüksək bal toplayaraq qalib elan
olunub. Onların 42.86 faizi dövlət, 57.14 faizi isə özəl sektorda
fəaliyyət göstərir.
“Yüksəliş” müsabiqəsi qeydiyyat, onlayn, əyani, yarımfinal və
final olmaqla 5 mərhələdən ibarətdir. Yarımfinal mərhələsində
iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə,
nəticəyönümlülük, innovativlik, komanda işi, etika və digər
səriştələr üzrə qiymətləndirilib. Finalda isə iştirakçılar “İdarəçi
rollar modeli” əsasında ekspertlərin dəyərləndirməsindən keçib.
Qiymətləndirmə prosesi beynəlxalq səviyyədə qəbul olunmuş və
obyektivliyi ilə seçilən “Assessment Conference” metodu əsasında
təşkil olunub. Bu metod iştirakçıların performansına kompleks
yanaşma tətbiq edir və yekun qərarların kollegial əsasla qəbul
edilməsini təmin edir.
Qaliblər tanınmış rəhbər şəxslərin mentorluğu ilə bir illik
fərdi inkişaf proqramına qoşulmaq və 20.000 manat məbləğində pul
mükafatı qazanmaq imkanı əldə edirlər.
Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə
bağlı Sərəncam Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü
il tarixində imzalanıb.
Bu uğur AzMİU-nun yüksək təhsil standartlarının, yetişdirdiyi
kadrların dövlət və özəl sektorda rəqabətqabiliyyətli olduğunu bir
daha təsdiqləyir.