Sabah Bakıda 39 dərəcə isti olacaq

Cəmiyyət

Bakı. Trend:

İyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin
olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın
temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +34
dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı –
755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz
50-55 faiz təşkil edəcək.




Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz
suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəh, Zağulbada +26 dərəcədən +27 dərəcəyədək,
cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda +27 dərəcədən
+28 dərəcəyədək olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir
yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı
yerlərdə yağışın qısamüddətli leysan olacağı, dolu düşəcəyi, gecə
və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı
var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə +23
dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək,
dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +22 dərəcədən
+26 dərəcəyədək olacağı ehtimal edilir.