
Bakı. Trend:
Xaçmaz rayonunun Çarxı kəndində Birinci Qarabağ müharibəsində
şəhidlik zirvəsinə ucalan Məzahir Kərimovun yas mərasimi
keçirilib.
Trend xəbər
verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə
təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının
sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının,
idarə, təşkilat və müəssisə rəhbərləri və ictimayyət nümayəndələri
iştirak edib.
Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı Qələbədən,
tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən
döyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaət
nümunələrindən danışıb.
Qeyd edilib ki, 1994-cü ilin yanvar ayında Kəlbəcər rayonu
uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məzahir Kərimov
daim vətənini, xalqını sevən qəhrəman oğullardan olub. 31 il sonra
şəhidimizin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb, 18
iyul 2025-ci il tarixində Usta Cəlilli kənd qəbristanlığında dəfn
edilib.
Məzahir Kərimovun yaxınları göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.