Həsənrizə çatan ailələrə evlərinin açarları təqdim edildi (YENİLƏNİB) (FOTO)

Cəmiyyət

Ağdərə. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən,
Ağdərə rayonunun Həsənriz kəndinə, respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrin növbəti köçü olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun
Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim
olunub.

Bu mərhələdə Həsənriz kəndinə 114 nəfər köçürülüb.

Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına
köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür
şəraitin yaradıldığını bildirib.

Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz,
işıq və internet xidmətləri aktivdir. Bu infrastruktur təminatı
köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür.

S.Qəhrəmanov sakinlərin işlə təminatında da kömək
göstəriləcəyini deyib.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində
məskunlaşan ailələrin sayı 160 olub. 566 nəfər Həsənrizə
qayıdıb.

xxx

14:14

Növbəti köç karvanı mənzil başına çatıb.




Trend-in yerli
müxbirinin xəbərinə görə, bu gün köçürülən 29 ailə – 114 nəfər
Ağdərə rayon Həsənriz kəndinə çatıb.

Daha sonra köçürülən ailələrə evlərin açarları təqdim
ediləcək.

xxx

12:03

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Trend xəbər
verir ki, bu mərhələdə kəndə 29 ailə – 114 nəfər köçürülüb

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini
qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər Respublikanın
müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Əlavə edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50
mindən çox insan yaşayır.