Qohum evliliyindən dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı artır – Taliyə İbrahimova

Cəmiyyət

Bakı.Trend:

2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən etibarən
qüvvəyə minən qohum evliliklərini qadağan edən qanun ölkəmizdə
geniş ictimai rezonansa səbəb oldu.

Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova
deyib.

Onun sözlərinə görə, qanunun məqsədi və tətbiq mexanizmi aydın
şəkildə müəyyənləşdirilsə də, ictimai müzakirələr göstərdi ki, bu
sahədə hələ də müəyyən subyektiv yanaşmalar, yanlış təsəvvürlər və
stereotiplər mövcuddur:




“Mövcud vəziyyəti analiz edərək həm qanunun qəbul zərurətini,
həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə
obyektiv şəkildə çatdırmaq vacibdir.Qohum nikahlarının qadağan
olunması bir gündə verilmiş qəfil qərar deyil. Bu dəyişiklik,
illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə
və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış
strateji yanaşmanın nəticəsidir”.

“Tibb mütəxəssisləri dəfələrlə bildirmişdir ki, yaxın qohumların
evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik
xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad
insanların nikahı zamanı uşaqda qüsur riski 2-4% olduğu halda,
qohum nikahlarında bu risk 4-8%- ə qədər yüksəlir, yəni təxminən 2
dəfə artır. Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə
ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu
qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə
proaktiv tədbirlər görməkdir”, – T.İbrahimova qeyd edib.