
Bakı. Trend:
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli
cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və
xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli
şəxslər məhkəmə məsuliyyətinə verilib.
Trend xəbər
verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə
videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu
orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində
cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan
Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, Baş İdarənin əməliyyat qurumları tərəfindən
həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət
başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə
etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar
əsasında 59 cinayət işi başlanıb.