KOBİA Qusarda sahibkarlarla görüşüb (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Qusar rayonunda sahibkarlarla görüş keçirilib. Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qusar
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd
təsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşə
sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak
edib.

Trend xəbər
verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir
Məmmədxanov, millət vəkili Azər Badamov və KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafı
üçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklə
rayonun biznes potensialının reallaşdırılması, eləcə də rayonda
sahibkarlıq fəaliyyəti üçün imkanlar barədə fikirlərini
bölüşüblər.

Qeyd olunub ki, Qusar rayonunun iqtisadiyyatı əsasən bağçılıq və
turizm sahələrinə əsaslanır. İntensiv bağçılıq üzrə əlavə dəyər
yaratmaq üçün məhsulların yerində emalı həm gəliri artıra, həm də
yeni iş yerləri yarada bilər. Rayonun təbiəti və mövcud
infrastrukturu turizm üçün geniş imkanlar yaradır. Bu baxımdan
Qusarın turizm potensialından maksimum istifadə etmək və bu sahədə
innovativ xidmətlər təklif etmək vacibdir. Sahibkarların birgə
fəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübə
mübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirə
bilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyə
və bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsi
faydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişaf
etdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər,
rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat
üçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər.




Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı texnikasının
təmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağın
təyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış,
kommunal xidmətlərə qoşulma, lizinq və s. məsələlərlə bağlı
müzakirələr aparılıb, biznes subyektlərinin sualları
cavablandırılıb.

Həmçinin, KOBİA nümayəndələri Qusar rayonunda fəaliyyət göstərən
“Monolit tikinti” MMC-nin PVC qapı-pəncərə və metal
konstruksiyaların istehsalı sexlərində və satış yerində olub,
sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım,
xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindən
istifadə edib.