Neft Fondu media nümayəndələri üçün təlim keçirib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) media nümayəndələri üçün
“ARDNF-nin investisiya portfeli və gəlirlilik yanaşması” mövzusunda
təlim təşkil edib.

Trend xəbər
verir ki, tədbirin məqsədi Fondun investisiya strategiyası,
aktivlərin bölgüsü və gəlirlilik göstəriciləri barədə media
nümayəndələrinə daha dolğun və təhlilə əsaslanan məlumat təqdim
etmək, həmçinin bu mövzularda ictimai məlumatlılığın artırılmasına
töhfə vermək olub.

Təlim ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə
Mehralıyevanın açılış nitqi ilə başlayıb. O, media ilə qurulan
qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini
vurğulayaraq, bu cür bilik mübadiləsinin Fondun fəaliyyətinin
şəffaf şəkildə təqdim olunması baxımından önəmini qeyd edib.

Təlimin ilk təqdimatında Risklərin idarəedilməsi departamentinin
direktoru Vadim Pşeniçnıy suveren sərvət fondlarının investisiya
portfellərinin formalaşdırılması prinsiplərindən və bu sahədə
beynəlxalq təcrübələrdən danışıb. O, ARDNF-nin investisiya
strategiyasının əsas elementlərini və risklər nəzərə alınmaqla
tətbiq olunan portfel modelini ətraflı şəkildə təqdim edib.




Ardınca eyni departamentin Aktivlərin bölgüsü, risk və
gəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli investisiya
portfelinin altportfelləri üzrə gəlirlilik göstəricilərinin
hesablanmasına dair texniki və metodoloji yanaşmaları
iştirakçılarla bölüşüb. O, uzunmüddətli maliyyə dayanıqlığının
təmin edilməsində risklərin ölçülməsi və balanslaşdırılmış portfel
strukturunun əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbir Fondun 2025-ci ilin ilk yarım ili üzrə fəaliyyəti barədə
təqdimatla davam edib. Ülviyyə Mehralıyeva hesabat dövründə əldə
olunmuş maliyyə nəticələri, həyata keçirilən əsas investisiya
əməliyyatları və portfel üzrə əsas trendlər barədə ətraflı məlumat
verib.

Təlim sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya çərçivəsində
interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları
cavablandırılıb.