
Bakı. Trend:
Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin
icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı həm hüquqi,
həm də texniki mexanizmlərin formalaşdırılması üzrə kompleks
hazırlıq tədbirləri görülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Tibbi sığorta haqqında” və “Əhalinin
sağlamlığının qorunması haqqında” qanunlara edilən dəyişikliklər
icbari tibbi sığorta sistemində dərman təminatına dair yeni
mexanizmlər formalaşdırıb:
“Hazırda bu mexanizmlərin praktiki tətbiqi üçün zəruri olan
normativ sənədlər aidiyyəti qurumlarla razılaşdırılma
mərhələsindədir. Xidmətlər Zərfinə sözügedən istiqamətdə
dəyişikliklər və pozitiv dərman siyahısının tərtibi üçün hüquqi və
texniki məsələlər icra olunur”.
Qeyd edilib ki, dərmanların yalnız elektron resept əsasında
verilməsi nəzərdə tutulduğundan, texnoloji sistemlərin
uyğunlaşdırılması da paralel olaraq həyata keçirilir.
“Elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə
inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və
hesabatlılığın təmin olunması üçün texniki işlər aparılır.
Dərman təminatı ilə bağlı hazırlıqlar təkcə icra xarakterli
addımlar deyil, həm də sağlamlıq sisteminin inkişafına yönəlmiş
mühüm prosesdir. Proses tamamlandıqdan sonra icbari tibbi sığorta
hesabına dərman təminatı mərhələli şəkildə tətbiq ediləcək”, – deyə
əlavə edilib.