Bakıda bağçalara növbəyə yazılma prosesi başladı

Cəmiyyət

Bakı. Trend:

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə
yazılma prosesinə start verilib.

Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, valideynlər elektron qaydada növbə yarada
bilərlər.

2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat
11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə
növbələr saat 15:00-da aktiv olacaq.




Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə
yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini
seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya
çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək.
Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə)
7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim
etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa
uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla
2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə
uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

Xatırladaq ki, qəbul sistemində ötən tədris ilində yaradılmış
növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə
edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.