
Bakı.Trend:
Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən
50 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu
istiqamətdə irəliləyişi davam etdirmək üçün səylərimiz ardıcıl
şəkildə həyata keçirilir. Enerji keçidinin uğuru təkcə
texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən
strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat
işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə
reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb
edir.
Trend xəbər
verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii
sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində
keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas
metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik
qurşağında yerləşir:
“Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və
aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması
təəccüblü deyil.
Əminəm ki, birgə səylərimiz həm bizim, həm də siz – qardaş və
bacılarımız üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə
də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq.
Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə
qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək.
Bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm
nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və
institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük
önəm verirəm. Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər
iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı
qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət
daşıyır”.