“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyindən Füzulidə tibbi aksiya (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuş
ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi
müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici
tədbirləri davam etdirir.

Trend xəbər
verir ki, növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov
adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali
üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.

Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik
patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin
aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin
göstərilməsi olub.




Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı,
kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı
mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi
baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik
müayinələr aparılıb.

Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi
müayinədən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a
dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan
tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.