
Bakı.Trend:
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından
52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara
məruz qalıb.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası ekologiya və təbii
sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində
keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat
işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı
qazıntı yatağı qeydiyyata alınıb:
“2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı
səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın
30 illik həsrətinə son qoyuldu.
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si
heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz
qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə
bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin
potensialının genişləndirilməsinə zəmin yaradıb”.
V.Kərimov bildirib ki, bu gün Forumun məhz Naxçıvanda
keçirilməsi təsadüfi deyil:
“Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji
strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı
qazıntı yataqları – qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral
sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji
araşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır.
Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş,
ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik
sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda
dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici
investorlar üçün geniş imkanlar vəd edir”.