
Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının gedişatı
ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl
İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il
iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında” sərəncamının icra vəziyyəti müzakirə
olunub.
Dövlət Xidməti tərəfindən 2025-ci ilin iyul çağırışının uğurla
icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə
zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış
Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi
xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına
rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi
Çağırış Komissiyasında 16 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq
qərarlar qəbul edilib.