Bu il meşə və təbiət ərazilərinə yaxın sahələrdə baş verən yanğınların sayı açıqlandı

Cəmiyyət

Bakı.Trend:

Son günlər havaların isti və quraq keçməsi meşə və digər
yaşıllıq ərazilərdə yanğın riskini artırıb.

Trend xəbər
verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
müraciətində bildirilib.

Qeyd edilib ki, aparılan təhlillər və araşdırmalar meşə
yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir.

“Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin
əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən
vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə
və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət
məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı
səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların
əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət
ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava
səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin
meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji
resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir,
ekosistem məhv olur”, – məlumatda deyilir.

Məlumata görə, 2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət
ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun
da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan
təbiət ərazilərinə keçib.

“Meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət
ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra
qabaqlayıcı və profilaktik tədbirlər görülür. Hər il olduğu kimi bu
il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət
postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü
yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə
Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın
təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil
olunub.

Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti
səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən, otlaq
sahələri, meşə massivləri yanğına daha həssasdır.




Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də,
təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və
turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:

• Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;

• Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;

• Biçindən sonra sahələrə od vurmayın;

• Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.

Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz
yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər
dəyər”.

Spread the love