
Bakı. Trend:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə
növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan
ailələr doğma yurdlarına qovuşublar.
Trend xəbər
verir ki, Cəbrayıl şəhəri bu gün 50 ailə olmaqla, 199 nəfərə qucaq
açıb. Şəhərə qədəm qoyan ailələr sevinc gözyaşları ilə öz doğma
yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr
ediblər.
Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna,
qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu
yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir
diləyiblər.
Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında
Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün
bütün şərait yaradılıb. Cəbrayıla qədəm qoyan ailələr
qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və
partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat
verilib. Naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə
hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələri
tövsiyə olunub.
Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər
şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil
alıb və öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin
ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə
aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən
– yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm,
sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox
insan yaşayır.