“İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

23 iyul 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsində “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk
iclası keçirilib. Elmi Şura muzeyin elmi-ekspozisiya, tədqiqat,
bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmaların
tətbiqi və idarəetmədə keyfiyyətin artırılması məqsədilə
yaradılıb.

Trend xəbər
verir ki, iclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin idarə Heyətini sədri Rüfət Mahmud çıxış edərək Elmi
Şuranın yaradılmasının tarixi və mədəni irsin qorunması baxımından
mühüm addım olduğunu bildirib. O, İçərişəhərdə tarixi abidələrin
muzeyləşdirilməsi, “Ağıllı Qoruq” layihəsi, rəqəmsal monitorinq
sistemləri, təbii və mədəni irsin qorunması istiqamətində həyata
keçirilən qlobal vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki,
elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda turizm və
ictimai maarifləndirmə baxımından da əhəmiyyət daşıyır.




İclasda AMEA-nın və ölkənin aparıcı elmi və muzey qurumlarının
nümayəndələri – AMEA Tarix və Etnologiya İnstitutunun direktoru,
professor Kərim Şükürov, Arxeologiya və Antropologiya İnstitutunun
direktoru, dosent Fərhad Quliyev, Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova,
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova çıxış
ediblər.

Tədbir çərçivəsində Elmi Şuranın gələcək fəaliyyət
istiqamətləri, ekspozisiyaların elmi əsaslarla təşkili, nəşrlər və
tədqiqat layihələri müzakirə olunub.