
Bakı.Trend:
“Yüksəliş” müsabiqəsi insan kapitalına yönəlmiş ən dəyərli
investisiyalardan biridir. Zaman və şəraitdən asılı olmayaraq,
insanın öz bilik və bacarıqlarına etdiyi sərmayə heç vaxt dəyərini
itirmir və bu investisiyanı heç kim ondan ala bilməz.
Trend xəbər
verir ki, bunu bu gün Prezident Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri və “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh
Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma
mərasimində deyib.
O bildirib ki, müasir dövrdə bilik və təhsilə göstərilən diqqət
dövlətin strateji yanaşmasının göstəricisidir:
“Azərbaycan ailələri övladlarının təhsilli və layiqli vətəndaş
olmalarına böyük önəm verir. Valideynlər çox vaxt şəxsi
maraqlarından keçərək övladlarının yaxşı təhsil alması üçün
fədakarlıq göstərirlər.
Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət
həyata keçirir. Bu siyasət çərçivəsində ölkənin insan kapitalı
formalaşır və həmin kapital ölkənin gələcək inkişafının əsasını
təşkil edir”.