
Bakı. Trend:
“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə icra edilən “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi
çərçivəsində növbəti tədbir keçirilib.
Trend xəbər
verir ki, tədbirdə “Baku Network” mərkəzinin rəhbər şəxsləri,
ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin
nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Trend” Beynəlxalq İnformasiya
Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru
Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda,
həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı
Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl
Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid
jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb.
“Baku Network”ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi
informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin
nə olduğunu tam anlayanlar çox azdır: “Hibrid təhlükə sadəcə haker
hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək,
deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə
özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu
nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda,
ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik.
Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik”.
Öz növbəsində Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Mirzəyev deyib ki, indiki zamanda
şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların
formalaşması, xüsusən “Baku Network” kimi qurumların fəaliyyətinə
böyük zərurət yaradır: “Bu layihənin ölkə üçün əhəmiyyətinin
fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir.
Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan
materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük
nailiyyətdir”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə
gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə
xüsusi diqqət yetirilməlidir:
“Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni
texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə
yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha
genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir
şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır”.
Daha sonra “Cümhuriyət” qəzetinin baş redaktoru, “Cebhe.info”
xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihə
dövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: “KİV,
QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqət
ayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdirib
insanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcə
kibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına da
təsir edir”.
Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq
Ələsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyada
olduqca aktualdır: “Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsb
edir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibrid
təhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlif
ölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakin
onların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə də
təhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik”.
Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoru
Nurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihənin
beynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, “Baku Network” 2025-ci ilin mayından avqustun
sonunadək “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin
təhlili” layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarının
dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.
Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq
reputasiyasına və strateji maraqlarına yönəlmiş
informasiya-psixoloji hücumların (media kampaniyalar,
dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək və
onlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.