
Bakı. Trend:
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin (HHQ)
MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad
Atakişiyevin həlak olmasının 6-cı ildönümü ilə əlaqədar müdafiə
nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
general-leytenant Namiq İslamzadə bir qrup hərbi qulluqçu ilə
İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, HHQ-nin hərbi qulluqçuları, şəhidin ailə
üzvləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi
pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək
xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə şəhid pilotun şərəfli xidmət yolu, vətənpərvərliyi,
peşəkarlığı və milli-mənəvi dəyərlərimizə bağlılığından danışılıb,
onun gənclərimiz üçün nümunə olduğu qeyd edilib.
R.Atakişiyevin ailə üzvləri və yaxınları onlara göstərilən
diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca
tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.