
Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə havaların isti və quraq keçməsi
səbəbindən meşə və otlaq sahələrində yanğın hadisələrinin artması
ilə bağlı vətəndaşlara müraciət edib.
Trend xəbər verir
ki, agentliyin yaydığı çağırışda azad edilmiş ərazilərə istirahət
və ziyarət məqsədilə edilən səfərlərin intensivləşməsi və qayıdış
prosesində iştirak edən sakinlərin sayının artdığı vurğulanır.
Müraciətdə vətəndaşlardan odla ehtiyatlı davranmaları, açıq
alovdan istifadə zamanı diqqətli olmaları, siqaret kötüklərini yerə
atmamaq və ümumilikdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl
etmələri tövsiyə olunur.
Qeyd olunub ki, genişmiqyaslı yanğınlar nəticəsində ərazidə
atılıb qalmış mina və digər partlayıcı sursatlar yüksək
temperaturun təsirindən partlaya bilər ki, bu da yaxınlıqda olan
şəxslər üçün ciddi təhlükə yarada bilər.
Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən
bəzi hallarda bitki örtüyünün təmizlənməsi məqsədilə yandırma
metodu tətbiq olunsa da, ANAMA bu cür fəaliyyət həyata
keçirmir.
Sonda vətəndaşlara işğaldan azad edilmiş ərazilərdə yanğın və ya
mina təhlükəsi ilə qarşılaşdıqları halda dərhal 805, 102 və ya 112
qaynar xətt nömrələrinə məlumat vermələri tövsiyə olunur.
“Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə
qoruyaq” — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi.