
Bakı.Trend:
2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmış
monitorinqlər nəticəsində 3 qanun pozuntusu faktı aşkar edilib və
bu hallar üzrə müvafiq qanunauyğun tədbirlər görülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradan
məlumat verilib.
Bildirilib ki, bu pozuntulardan ikisi “Media haqqında” Qanunun
14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər),
biri isə 38-ci maddəsinin (yayım hüququ) tələblərinin pozulması ilə
bağlı olub. Aşkar edilmiş pozuntularla əlaqədar yayımçılara 3
xəbərdarlıq edilib. Bu müddət ərzində cərimə tətbiqi ilə bağlı heç
bir protokol tərtib olunmayıb.
Qeyd edilib ki, 2024-cü ilin sonlarından etibarən başlanan və
hazırda davam edən audiovizual mediada piratçılıqla mübarizə
çərçivəsində Audiovizual Şura tərəfindən tərtib edilən protokollar
əsasında cari ilin ilk altı ayı ərzində platforma operatoru
lisenziyasına malik 13 subyekt müvafiq məhkəmə qərarlarına əsasən
hər biri 5000 manat məbləğində cərimələnib.