
Bakı. Trend:
“Balakhani Operating Company LTD”-nin futbol komandası tarixi
Zəfərimizin 5 illiyinə həsr edilən filmdə yer aldı. Hasilat
şirkətinin dəstəyi ilə həyata keçirilən layihə “Ədibin Evi”
Ədəbiyyata Dəstək Fondunun təşəbbüsüdür.
Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsərlərinin birinin
motivləri əsasında çəkilən qısametrajlı bədii film Vətən müharibəsi
qazisinin müharibədən sonrakı həyatından bəhs edir. Gənc rejissor
Gəray Həsənovun filmində baş rolları Azər Aydəmir, Günay Əhməd və
Nurlan Mürsəlzadə ifa edirlər. ASAN TV tərəfindən həyata keçirilən
çəkiliş prosesində “YAŞAT” Fondu ekspert dəstəyi ilə çıxış
edir.
Bakıdakı yaşayış ərazilərinin birində çəkilən futbol səhnəsində
“Balakhani Operating Company LTD”-nin futbol komandasının üç üzvü
Bəxtiyar Fərəcov, Sərxan İrzaquliyev və Rəhman İsrafilov yaradıcı
heyətə qoşulublar.
Özü Vətən Müharibəsi iştirakçısı olan Sərxan İrzaquliyev çəkiliş
zamanı həyəcanını gizlətməkdə çətinlik çəkirdi. “Baş rolun ifaçısı
Azər Aydəmirin rahatlığını gördükdən sonra mənim də həyəcanım
tədricən keçdi. Çəkiliş zamanı “müharibə veteranı” ifadəsi
səsləndikcə, 44 günlük Vətən müharibəsində yaşadığım anlar
gözlərimin önündən keçirdi və özümü bir daha çox qürurlu hiss
edirdim. Bu qələbəmizi filmlərdə və ekranlarda yaşadan hər kəsə öz
minnətdarlığımı bildirirəm”.
Veteran Bəxtiyar Fərəcov isə çalışdığı hasilat şirkətinin belə
layihəyə dəstək verməsini çox təbii hesab edir: “Sıralarımızda
400-ə yaxın 2-ci Qarabağ Müharibəsi qaziləri və şəhid ailələrinin
üzvləri çalışır. Bu filmdə iştirak etmək mənim üçün böyük qürur
mənbəyi idi. Çəkiliş prosesi çox maraqlı və həyəcanlı keçdi. Bu
layihədə mənə də yer verildiyi üçün şirkətin bütün kollektivinə və
çəkilişdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Rəhman İsrafilov da istidə açıq hava şəraitində keçirilən
çəkilişlərdən sonra layihədə iştirakından olduqca məmnun idi.
“Qazilərimizlə eyni səhnələri paylaşmaq çox dəyərli bir hiss idi.
Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “Balakhani Operating Company LTD”nin futbol
komandası “Əsrin Müqaviləsi”nin 30 illiyinə həsr edilmiş SOCAR-2024
minifutbol turnirinin qalibləridir.