
Bakı. Trend:
Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi
şəhərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda Səhiyyə
Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru
Gülnaz Dadaşova və institutun elmi işçisi Vüsal Hacıyev iştirak
ediblər.
Trend xəbər
verir ki, Forum Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsü
çərçivəsində tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə həsr olunub. Tədbir, həmçinin Sincan Uyğur
Muxtar Vilayətinin 70 illiyi və Çinin 14-cü Beşillik Planının yekun
mərhələsi ilə üst-üstə düşüb.
Forumda çıxış edən Gülnaz Dadaşova Azərbaycanda icbari tibbi
sığortanın tətbiqindən əvvəl və sonra səhiyyə sahəsində baş verən
dəyişikliklərdən bəhs edib. Vüsal Hacıyev isə ürək-damar
xəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətin
rolu ilə bağlı təqdimatla çıxış edib.
Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Forum
çərçivəsində Gülnaz Dadaşova ilə Sincan Xalq Xəstəxanasının
direktoru Yan Yin arasında əməkdaşlığa dair memorandum
imzalanıb.
Bu sənəd Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun artmasına
və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin
yüksəldilməsinə xidmət edəcək.