
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Holberton
School Azerbaijan ilə birgə həyata keçirdiyi təqaüd proqramının
rəsmi açılış mərasimi baş tutub.
Trend xəbər
verir ki, tədbirdə universitet rəhbərliyi, Holberton məktəbinin
nümayəndələri, proqram iştirakçıları iştirak ediblər.
Tədbirin açılışında Holberton School Azerbaijan-ın icraçı
direktoru Şəmsi Bayramzadə çıxış edərək tələbələri təbrik edib,
məktəbin fərqli yanaşmalarından və tələbələr üçün mövcud
imkanlarından bəhs edib, həmçinin beynəlxalq əməkdaşlığın
əhəmiyyətini vurğulayıb.
Daha sonra AzMİU İKT Mərkəzinin direktoru Sərxan Talıbzadə
layihənin məqsədləri, tələbələr üçün yaratdığı imkanlar, praktiki
İT biliklərinin mənimsənilməsinin əhəmiyyəti haqqında məlumat
verib.
Çıxış edənlər proqramın tələbələrə qlobal rəqabətə davamlı
bacarıqlar qazandıracağını, innovativ yanaşmanı təşviq edəcəyini və
ölkədə İT sahəsinin inkişafına töhfə verəcəyini qeyd ediblər.
Qeyd edək ki, bu proqrama seçilən müxtəlif ixtisaslardan olan 32
tələbəmiz 100%-lik təqaüdlə 9 ay boyunca Computer Science, Software
Engineering təlimləri alacaqlar.
Tədbirin sonunda mentorlar iştirakçılarla təcrübələrini
bölüşüblər və dərslərə start verilib.