Xocalının Ballıca kəndinə daha 62 nəfər qayıdıb: açarlar təqdim edilib (FOTO)

Cəmiyyət

Xocalı.Trend:

Böyük Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalı
rayonunun Ballıca kəndinə növbəti köç oldu.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu
mərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü.

Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən
yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
keçmiş məcburi köçkünlərdir. Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma
yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi
yaşayış evlərinin açarlarını təqdim edib.




Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki,
bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma
yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit
yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün
Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz
sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb
– su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi
və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840
nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902
nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca,
Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327
ailə yaşayır.

Spread the love