Memarlıq ixtisası üzrə qabiliyyət imtahanında ümumilikdə 390 abituriyent/subbakalavr iştirak edəcək (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
2025/2026-cı tədris ili üzrə xüsusi qabiliyyət tələb edən Memarlıq
ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib.

Trend xəbər
verir ki, dörd gün davam edəcək imtahanlar yalnız rəsm fənni üzrə
keçirilir.

Qabiliyyət imtahanı 10 ballıq şkala üzrə qiymətləndirilir.
İmtahandan 6 və daha yuxarı bal toplayan abituriyentlər və
subbakalavrlar məqbul qiymət almış hesab edilir və Memarlıq
ixtisası üzrə ixtisas seçimi mərhələsində müsabiqəyə qatılmaq
hüququ əldə edirlər.

İmtahan prosesi Dövlət İmtahan Mərkəzinin (DİM) məsul
nümayəndələrinin nəzarəti altında təşkil olunub.




İmtahanın başlanğıcında AzMİU-nun rektoru, memarlıq doktoru,
professor Gülçöhrə Məmmədova abituriyentlərə və subbakalavrlara
uğurlar arzulayıb, onlara faydalı tövsiyələrini çatdırıb. Daha
sonra AzMİU-nun Təsviri İncəsənət kafedrasının müəllimləri imtahan
tapşırıqlarını izah edərək zalı tərk ediblər. İştirakçılara
tapşırığın icrası üçün 4 saat vaxt verilib.

Qeyd edək ki, 1-ci ixtisas qrupu üzrə Memarlıq ixtisasına qəbul
üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ümumilikdə
390 nəfər abituriyent və subbakalavr Dövlət İmtahan Mərkəzinin
rəsmi saytında qeydiyyatdan keçib.

İmtahan nəticələrindən narazı qalan şəxslərin müraciətlərinin
obyektiv şəkildə araşdırılması üçün AzMİU-da Apellyasiya
Komissiyası yaradılıb. Şikayəti olanlar DİM-in elektron sistemi
üzərindən qeydiyyatdan keçərək 1 avqust tarixində komissiyaya
müraciət edə bilərlər.

Spread the love