
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən
başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd
olunur.
Trend xəbər
verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu
virusla bağlı bəzi suallara aydınlıq gətirib.
Hepatit xəstəliyinin əsas simptomları
hansılardır?
Qaraciyər orqanizmin “laboratoriyası” hesab olunur. O, qanın
təmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədən
hormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir.
Lakin, bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizli
şəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatit
qaraciyərin iltihabı deməkdir və adətən ona viruslar səbəb olur. Bu
xəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edən
xroniki formada özünü göstərə bilər.
Hepatitin əlamətləri çox vaxt yüngül olur və digər xəstəliklərlə
qarışdırıla bilər. Ən çox rast gəlinən simptomlar yorğunluq,
iştahsızlıq, ürəkbulanma, qarının sağ yuxarı hissəsində ağırlıq,
sidiyin tündləşməsi və dərinin saralmasıdır. Xroniki hepatitlərdə
isə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddət
virus daşıyıcısı olduğunu bilmir. Bu səbəbdən hepatit çox vaxt
“səssiz xəstəlik” adlandırılır.
Hepatit xəstəliyinin xroniki və kəskin forması
arasındakı fərq nədir?
Hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətli
dərəcədə fərqlənir. Kəskin hepatit adətən yoluxmadan sonrakı ilk
altı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilə
nəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq,
qaraciyər fermentlərinin on qat və üzəri yüksəlməsi olur. Xroniki
hepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdə
daimi dəyişikliklər yaradır.
Əksər hallarda kəskin hepatit B-dən sağalsa da, uşaqlar
yoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. Hepatit
B daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem və
virus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir.
Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatları
tükənir və ölmüş hüceyrələr fibrioz toxma ilə əvəzlənir. Buna
fibroz, sonrakı mərhələ isə sirroz deyilir.
Hepatit B və C virusları sirroz yarada
bilərmi?
Xüsusilə hepatit B və hepatit C xroniki gediş zamanı çox
təhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyər
xərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur.
Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistem
onları məhv etməyə çalışır. Əslində qaraciyərə əsas zərəri virus
deyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiə
sistemi vurur. Nəticədə, çapıq toxuması yaranır, qaraciyərin normal
strukturu pozulur və zamanla sirroz inkişaf edir.
Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Bu
virus varsa, demək xronik iltihab və sonluq isə məlumdur – sirroz.
Buna görə, hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır.
Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağala
bilir. Hepatit B-in isə əgər D virusu yanaşı getmirsə rahatlıqla
fəaliyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isə
hələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davam
edir.
Hepatit diaqnostikasında hansı testlər
aparılır?
Diaqnoz üçün bir neçə əsas üsullardan istifadə olunur. Qan
analizləri qaraciyər fermentlərinin yüksəlməsini göstərir. Seroloji
testlər hepatit markerlərini aşkarlayır, PCR müayinəsi isə virusun
genetik materialını müəyyən edir və onun miqdarını ölçür.
Qaraciyərin ultrasəs müayinəsi və elastoqrafiya fibrozun dərəcəsini
göstərməyə kömək edir.
Əgər bir insan hepatit A, B, C və ya yeni virus növü E yoluxubsa
onda həmişə yaddaş marker anti cismlər qanda qalır və testlərdə
aşkara çıxa bilir, virusun qanda olub olmaması isə ancaq PCR
deyilən test ilə dəqiqləşdirilir. Lakin, burada vacib məqam PCR
müəyyən edən laboratiyalarda bu virusun ən minimal səviyyəsini
təyin etməyə imkan verməlidir.
Hepatit virusları ilə yoluxmamaq üçün hansı gigiyena
qaydalarına riayət etmək lazımdır?
Yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tez
yuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steril
tibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır.
Dırnaq tutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrı
saxlanılmalı və individual olmalıdır.
Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlı
üsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görə
də, riskli davranışlardan – qorunmamış cinsi əlaqə və ya steril
olmayan iynələrin istifadəsindən qaçmaq lazımdır.
Hepatit xəstələrinin qidalanması necə
olmalıdır?
Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdə
saxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış və
yağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaq
şərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksək
keyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tam
taxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimi
faydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyi
də əlavə edilə bilər.
Ən vacib məqam qurudulmuş otlar və ot bitkilərin çaylarından
uzaq durmaq lazımdır çünki hepatit olan qaraciyər zədəli hesab
edilir və bu bitki çayları qaraciyərə əlavə toksin yükü
deməkdir.
Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinlə
mümkündür.