
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar
Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.
Bildirilib ki, iclasda sədr Prezident İlham Əliyevin
sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas
dərəcəsinin verilməsinə görə Həsənov Vaqif Muxtar oğlunu və Əliyeva
Fərqanə Kamil qızını, “Dövlət qulluğunda fərqlənməyə görə”
medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşları
Qasımova Qönçə Əli qızını, Eyvazov Sənan Qəni oğlunu, Əzizov Ramal
Rəsul oğlunu, Əfəndiyev Sərdar Nəsrəddin oğlunu təbrik edərək
təltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Sonra iclasda Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə
fəaliyyətinə dair məlumat müzakirə edilib. Müvafiq sənədə kənar
dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində
iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, həmçinin
Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs
edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq
məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi
internet səhifədə yerləşdirilməsi qərara alınıb.
Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair
auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində
auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların
audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə
zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni
zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı
proqram müzakirə olunaraq təsdiq edilib.
Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.