
Bakı. Trend:
Azərbaycanın hüquqi və biznes mühitində yeni təşəbbüs — hüquqi,
etik və tənzimləyici normalara uyğunluğun təşviqi məqsədilə,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10 iyul
2025-ci il tarixində “Komplayens Assosiasiyası” İctimai Birliyi
dövlət qeydiyyatına alınıb.
Assosiasiyanın əsas məqsədi komplayens sahəsində qabaqcıl
təcrübələrin tətbiqini təşviq etmək, müxtəlif sektorlar üzrə etik
idarəetmə və risklərin effektiv şəkildə idarə olunması və peşəkar
kadr potensialının artırılması üçün komplayens mədəniyyətinin
inkişaf etdirilməsinə dəstək verməkdir. Assosiasiya, biznes
subyektlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun
fəaliyyətini dəstəkləməyə yönələn mexanizmlər hazırlamaqla yanaşı,
milli qanunvericilik ilə beynəlxalq standartlar arasında körpü
yaratmağı, qanunvericilik tələblərinin tətbiqində praktiki
yanaşmaların müəyyən edilməsinə dəstək göstərməyi, dövlət və özəl
sektor subyektlərinin fəaliyyətində risk funksiyasının
strukturlaşdırılması və effektiv tətbiqi üçün metodoloji və
institusional dəstək verməyi, həmçinin tədqiqat və normativ
təşəbbüslərlə çıxış etməyi və komplayens sahəsində tərəfdaşlıq
əlaqələrini gücləndirərək geniş komplayens icmasını formalaşdırmağı
özünə hədəf kimi müəyyən etmişdir.
Assosiasiya komplayens sahəsi üzrə böyük təcrübəsi və peşəkar
bacarıqları ilə tanınan mütəxəssislər Kamal Abdullayev, Almaz
Musayeva və Leyla Səlimzadə tərəfindən yaradılıb.
Kamal Abdullayev “Kapital Bank” ASC-də Baş Komplayens
İnzibatçısı və İdarə Heyətinin üzvüdür. Beynəlxalq hüquq üzrə
təhsili ilə yanaşı, hüquqi təminat, risklərin idarə edilməsi,
komplayens, strateji və korporativ idarəetmə sahələrində 20 ildən
artıq qeyri-maliyyə və bank sahəsindəki təcrübəyə sahibdir. Onun
peşəkar yanaşması və sistemli idarəetmə bacarığı Assosiasiyanın
strateji istiqamətlərinə önəmli dəyər qatır.
Leyla Səlimzadə “Rabitə Bank” ASC-nin Komplayens departamentini
direktoru vəzifəsində çalışır. Onun bank sahəsində dərin təcrübəsi
ilə yanaşı, komplayens sahəsində beynəlxalq təlimçi kimi
fəaliyyəti, komplayens sahəsində ixtisaslı mütəxəssislərin
inkişafında mühüm rol oynamışdır. Assosiasiyanın təsisçisi olmaqla
yanaşı, icraçı direktoru kimi fəaliyyətdə də yaxından iştirakı,
Assosiasiyanın operativ fəaliyyətində mühüm rol oynayır.
Assosiyasiyanın İdarə Heyəti iqtisadiyyatın müxtəlif sahələrində
geniş təcrübəyə, strateji baxışa, peşəkar qərarverməyə əsaslanan
heyətdən formalaşdırılıb:
Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq və
Komplayens departamentinin Direktoru vəzifəsində çalışır. O, əmək
fəaliyyəti ilə yanaşı, hüquq sisteminin inkişafında müxtəlif
peşəkar tədbirlərin təşkili və dəstəklənməsində fəal iştirak edir.
Eyni zamanda, gənc hüquqşünasların yetişdirilməsində və bilik
mübadiləsinin təşfiqində xüsusi rola sahibdir. İqtisadiyyatın
şaxələndirilməsi istiqamətində hüquq sisteminin inkişafına verdiyi
töhfə və dərin təcrübəsi Assosiasiyanın normativ strukturunun
formalaşmasında böyük rol oynayır.
Xəyalə Nağıyeva — ”Azerbaijan Green Energy Company” MMC-də Baş
Maliyyə Inzibatçısı və İdarə Heyətinin üzvüdür. Onun hazırki
fəaliyyəti enerji sahəsində dayanıqlı investisiyaların
formalaşdırılması və inkişafına yönəlib. Eyni zamanda, yerli
korporativ bankçılıq və birbaşa investisiyalar sahəsindəki
korporativ risklər üzrə təcrübəsi onu Assosiasiyada korporativ
idarəetmə və beynəlxalq risk standartlarının tətbiqində aparıcı
ekspertlərdən birinə çevirir.
Nuran Kərimov — Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraq
fəaliyyət göstərir. O, həm beynəlxalq, həm də Azərbaycandakı
şirkətlərə və fiziki şəxslərə müxtəlif vergi və əlaqədar biznes
məsələləri ilə bağlı məsləhət xidmətləri sahəsində çoxillik
təcrübəyə malikdir. Azərbaycandakı şirkətlər üçün beynəlxalq
korporativ strukturlar və xarici çoxmillətli təşkilatların
Azərbaycandakı şirkətlərə investisiya qoyuluşlarının
strukturlaşdırılması daxil olmaqla, korporativ strukturların
təkmilləşdirilməsi ilə bağlı çoxlu sayda layihələrdə iştirak
etmişdir. O, yerli və beynəlxalq səviyyədə qurulmuş peşəkar
əlaqələri və strateji tərəfdaşlıqları vasitəsilə Assosiasiyanın
tanıdılmasında mühüm rol oynayır.
Niyaz İsmayılov — “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin
sədridir. Bank və sığorta sahəsində dərin təcrübəsi ilə yanaşı,
maliyyə bazarları üzrə iqtisadi prosesləri təhlil etmək bacarığı,
strateji qərarların formalaşmasında və institusional inkişafın
istiqamətləndirilməsində mühüm rol oynayır. O, Assosiasiyanın
təşkilati dayanıqlığını gücləndirən əsas fiqurlardan biridir.
Almaz Musayeva — “Kapital Bank” ASC-də Komplayens
Departamentinin Direktoru və eyni zamanda “ACAMS Euroasia
Chapter”in İdarə Heyətinin qurucu üzvüdür. Beynəlxalq komplayens
platformalarında təmsilçiliyi və peşəkar töhfəsi Assosiasiyanın
qlobal təcrübəyə inteqrasiyası baxımından xüsusi əhəmiyyət
daşıyır.
“Komplayens Assosiasiyası” İctimai Birliyi komplayens sahəsində
güclü ekosistemin qurulması yolunda fəaliyyəti ilə bağlı yaxın
zamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndirici
layihələrlə çıxış etməyi planlaşdırır.