Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR

Cəmiyyət

Bakı. Trend:

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan
texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili
məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı
fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, bu Qayda “Bir pəncərə” prinsipinə əməl edilməklə,
ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara
nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında
qarşılıqlı fəaliyyəti tənzimləyir.

Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyata
keçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi,
sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının
müdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsinin
sürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçinin
malların gömrük ərazisinə daxil olması barədə məlumatların
mübadiləsini həyata keçirirlər.

Agentlik uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin
reyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi
və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların
real vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədar
məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallara
dair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malı
göndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü),
kodu, çəkisi, “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluq
sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli
uyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyə
ötürür.




Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinin
təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata
keçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarına
çıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanı
Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumat
ötürür.

Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik və
Komitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiya
Sistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlar
Tərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldə
olunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.

Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün
olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və
sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı
gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron
kabinetləri vasitəsilə daxil edilir.

Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsi
sahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onların
saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə
monitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olan
idxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyata
keçirə bilərlər.

Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinad
standartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.