Lisey və gimnaziyalara qəbul imtahanı ilə bağlı 289 şagirdin nəticəsi yenidən ləğv edilib

Cəmiyyət

Bakı. Trend:

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul
imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan
uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

Bu barədə Trend-ə Təhsil İnstitutunun Mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb və
komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq
müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata
keçirilib.




Sözügedən komissiya tərəfindən 14–18 iyul tarixlərində
valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə
qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı
şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar
səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar
verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan
nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan
nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu
barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində
yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul
imtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların
araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam
etdirilir.