
Bakı. Trend:
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər
çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini,
arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.
Komitədən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan ilə
Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə
inkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarası
dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti
vurğulanıb.
Komitə sədri Ramin Məmmədov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini
müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi
istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı
məlumat verib.
Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətində
aparılan məqsədyönlü dövlət siyasəti multikultural və tolerant
mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara
verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun
möhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.
Ramin Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövləti
tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, ibadət
məkanlarının bərpası və qorunması istiqamətində mühüm addımlar
atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda
dini-mədəni abidələrin bərpa və qorunması istiqamətində həyata
keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın
ifadəsi olduğunu vurğulayıb.
Edgar Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərin
inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma
naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni,
tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası
əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb.
Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan
Dövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin
bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.